22 July 2021
Həyatın Yaşam Sığortası ilə əlavə gəlir
Həyatın yığım sığortası ilə əmək haqqından əlavə gəlir əldə etməyin mümkün olduğunu bilirdiniz? Necə? Bu sualı cavablandırmazdan əvvəl gəlin ilk öncə başa düşək görək həyatın yığım sığortası nədir, necə işləyir və əlavə gəlir dedikdə nə nəzərdə tutulur. Həyatın yığım sığortası nədir? Həyatın yığım sığortası sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır (“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.24.). Qanunun 14-cu maddəsinə əsasən həyat sığortasının 5 sinifi mövcuddur: 1.Həyatın ölüm halından sığortası, 2. Həyatın yaşam sığortası, 3. Annuitet sığorta, 4. Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 5. Sağalmaz xəstəliklərdən sığorta Həyatın yaşam sığortası həyatın yığım sığortasına aiddir. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası sinifidir. Sadə dildə desək, şəxs həyat sığorta şirkəti ilə 3 illik (36 aylıq) həyatın yaşam sığortası müqaviləsi bağlayır və razılaşır ki, hər ay sığortaya 300 manat pul köçürəcək. 3 ilin sonunda yığılacaq məbləğ 300*36=10 800 manat təşkil edir. Bu məbləğ müqavilə bağlanan zaman sığorta müqaviləsində qeyd edilir və 3 il müddəti ərzində sığortalanan şəxs vəfat edərsə bu məbləğ onun ailə üzvlərinə ödənilir, yox əgər sağ qalarsa bu məbləği şəxs özü götürür. Adətən qeyd olunan məbləğin üzərinə əlavə investisiya faizləri də gəlir. Həyatın yığım sığortası ilə maaşdan əlavə gəlir dedikdə nə nəzərdə tutulur? İlk öncə biz bilməliyik ki, bizim bankomatdan çəkdiyimiz əmək haqqı, yəni əlimizə çatan maaş - netto maaşdır. Bu məbləğin üzərinə gəlir vergisi, sosial sığorta haqqları və digər məcburi ayırmalar gəlir, buna da gross (brutto) əmək haqqı deyilir. Hal-hazırda vergi və sosial sığorta haqları dövlət və neft-qaz sektoru üçün ayrı, özəl və qeyri neft-qaz sektoru üçün ayrı faizlərlə hesablanır. Sektordan asılı olaraq ödənilən gəlir vergisi və sosial sığorta haqları aşağıdakı kimidir: Vergi və sosial sığorta haqları Dövlət / neft-qaz sektoru Özəl / qeyri neft-qaz sektoru Gəlir vergisi 2500 AZN-dək 14%, 2500 AZN-dən çox 25% 8000 AZN-dək 0% 8000 AZN-dən çox 14% İşçi tərəfindən ödənilən sosial sığorta haqqı 3% 200 AZN-dək 3% 200 AZN-dən çox 10% İşəgötürən tərəfindən ödənilən sosial sığorta haqqı 22% 200 AZN-dək 22% 200 AZN-dən çox 15% Deyək ki, hər ay sizin maaş kartınıza 1000 manat pul oturur. Əgər siz dövlət və ya neft-qaz sektorunda çalışırsınızsa, deməli sizin əlinizə 1000 manatın çatması üçün 14% gəlir vergisi, 25% Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödənilir. Başqa sözlə desək, əlinizə 1000 manat maaşın çatması üçün əlavə olaraq 443 manat vergilərə və DSMF-yə ödənilir. Əgər siz özəl və ya qeyri neft-qaz sektorunda çalışırsınıza 1000 manat əmək haqqı üçün əlavə olaraq 265 manat DSMF-yə ödənilir. Azərbaycanda mövcud olan qanunvericilik imkan verir ki, şəxs maaşının 50%-ni keçməmək şərti ilə minimum 3 illik müddətə həyatın yığım sığortasına qoşulduqda, həyat sığortasına ödədiyi məbləğdən gəlir vergisi və sosial sığorta haqları tutulmasın (Əsas: Azərbaycan Respublikasinin Vergi Məcəlləsinin 116.2.-ci maddəsi və Sosial sığorta haqqında Qanunun 15-ci maddəsi). Qeyd olunanları daha aydın izah etmək üçün həyatın yığım sığortasına qoşulmaqla şəxsin əldə edəcəyi gəliri 2 konkret nümunədə nəzərdən keçirək: Nümunə 1. Dövlət / neft-qaz sektoru Sizin 30 yaşınız var və siz dövlət işində və ya neft-qaz sektorunda çalışırsınız, qərara gəlirsiniz ki, hər ay 1000 manat əmək haqqınızın 400 manatı ilə 3 illik (36 ay) həyatın yığım sığortasına qoşulasınız. 400 manata uyğun vergi və DSMF-yə ödənilən məbləğ təqribən 190 manat təşkil edir. Bu isə o deməkdir ki, siz 3 ilin sonunda sığortaya ayırdığınız 400*36= 14.400 manat deyil, vergi və DSMF-yə ödənilən məbləğ, eləcə də yığılan pulların sığorta şirkəti tərəfindən investisiya edildiyini nəzərə alaraq, investisiya gəliri ilə birlikdə toplamda 21 900 manat vəsait yığmış olacaqsınız. Beləliklə həyatın yığım sığortası ilə sizin 3 ilin sonunda qazancınız 21 900 manat – 14.400 manat = 7 500 manat təşkil edəcək. Dövlət işində və ya neft-qaz sektorunda çalışan və əmək haqqısı 2500 manatdan çox olan şəxslərdə gəlir vergisi 25% (2500 manatdan artıq olan hissəsinin 25%-i) təşkil etdiyindən bu şəxslərdə 3 ilin sonundakı qazanc daha da çox olur. Nümunə 2. Özəl / qeyri neft-qaz sektoru Sizin 30 yaşınız var və siz özəl sektorda çalışırsınız və qərara gəlirsiniz ki, hər ay 1000 manat əmək haqqınızın 400 manatı ilə 3 illik (36 ay) həyatın yığım sığortasına qoşulasınız. 400 manata uyğun DSMF ayırmaları təqribən 110 manat təşkil edir. Bu isə o deməkdir ki, siz 3 ilin sonunda sığortaya ayırdığınız 400*36= 14.400 manat deyil, DSMF-yə ödənilən məbləğ, eləcə də investisiya gəliri ilə birlikdə toplamda 19 000 manat vəsait yığmış olacaqsınız. Beləliklə həyatın yığım sığortası ilə sizin 3 ilin sonunda qazancınız 19.000 manat – 14.400 manat = 4.600 manat təşkil edəcək. Qeyd etmək lazımdır ki, həyatın yığım sığortasının daha bir üstünlüyü də ondan ibarətdir ki, sığorta müddəti ərzində sığorta olunan vəfat edərsə 3 ilin sonunda yığılmalı olan vəsaiti onun ailə üzvləri əldə edir və sığorta olunan şəxs həyatda olmasa belə öz ailəsinin gələcəyini maddi təminat altına almış olur. Həyatın yığım sığortasına necə qoşulmaq olar? Qoşulma prosesi çox sadədir. Həyatın yığım sığortasına qoşulmaq istəyən şəxs ilk öncə yaşı, iş yeri, vəzifəsi və sağlamlığı ilə əlaqəli sualları əhatə edən sorğu formasını doldurmalı və məlumatların analiz edilməsi üçün Həyatın Yığım Sığortası (HYS) üçün nəzərdə tutulmuş [email protected] email ünvanına göndərməlidir. Yığım sığortasına qoşulmaq istəyən şəxs həmçinin https://my.megalife.az/ linki vasitəsi ilə sorğu formasını online doldurmaqla da müraciət edə bilər. Məlumatlar Meqa Həyat sığorta şirkətinin aidiyyati əməkdaşları tərəfindən emal edilir, müqavilə şərtləri, aylıq sığorta haqqı, sığorta məbləği və digər şərtlər müraciət etmiş şəxslə razılaşdırıldıqdan sonra işçi, işəgötürən və Meqa Həyat sığorta şirkəti arasında 3 tərəfli müqavilə bağlanılır. Müqavilə müddəti 36 ay təşkil edir və bu müddət ərzində sığorta olunmuş şəxs aylıq ödədiyi məbləği artıra və ya azalda bilər, müqavilə valyutasının konvertasiyası, müqavilənin dondurulması və ya müqaviləyə xitam verilməsi üçün müraciət edə bilər.