AZ EN RU

Bloq

Mətbuata müsahibə

Mətbuata müsahibə

“Meqa Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin sığorta məsələləri üzrə müavini Emil Ağamaliyev mətbuata müsahibə verib.

E.Ağamaliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin məzunudur. Böyük Britaniya Sığorta İnstitutunda (The Chartered Insurance Institute – CII) sığorta və risklərin idarə edilməsi üzrə təhsilini davam etdirir. 10 ildən artıqdır ki, sığorta sahəsində çalışır. Əsas ixtisaslaşması aktuarlıq, risklərin qiymətləndirilməsi və proqramlaşdırma üzrə olub. Bundan öncə “Meqa Sığorta” şirkətində məsul aktuari kimi fəaliyyət göstərib.

“Meqa Həyat” adı ilə sığorta bazarına qədəm qoymusunuz. Müştərilərə hansı yenilikləri vəd edirsiniz?

“Meqa Həyat” Sığorta Şirkəti Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkətidir. Həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən lisenziya bizə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19.02.2021-ci il tarixində verilmişdir.

Yeni yaranmağımıza baxmayaraq bugün biz hazırda sığorta bazarında mövcud olan bütün həyat sığortası məhsulları ilə müştərilərin xidmətindəyik.

“Meqa Həyat Sığorta” bu ilin mart ayından İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilib və qısa olaraq “İşçilərin icbari həyat sığortası” dediyimiz “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi əldə edib.

Bu sığorta növü işçilərin əmək münasibətləri ilə əlaqədar olaraq aldığı xəsarətlər nəticəsində onların maddi təminat altında olması baxımından mühüm əhəmiyyətə malikdir. Son dövrdə Azərbaycan Respublikası Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun səyləri nəticəsində bu növ üzrə elektron sistem daha da optimallaşdırılıb və inanırıq ki, atılan məqsədyönlü addımlar nəticəsində “İşçilərin icbari həyat sığortası” üzrə sığorta penetrasiyası daha da artacaq.

Müştərilərimizə təklif etdiyimiz digər əsas həyat sığorta növlərindən biri də yüksək investisiya faizli yığım sığortasıdır. Bu sığorta növü üzrə müştərilər istəklərinə uyğun formada sığorta haqlarını yığım sığortasına ayırmaqla sığorta müddəti ərzində ölüm halından və müddətin sonunadək yaşam halından sığortalana bilərlər. Ən əsası isə müştərilərimiz aldıqları əmək haqqının müəyyən bir hissəsini bu sığorta növünə yönləndirməklə qanunvericilikdə nəzərdə tutulmuş vergi və pensiya haqları üzrə güzəştlərdən faydalanmaqla həm əlavə gəlir əldə edə, həm də həyatlarını sığortalaya bilərlər.

Əlavə olaraq bildirim ki, “Meqa Həyat” Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılarından biridir. İpoteka  krediti ilə mənzil alan şəxslər ipoteka həyat sığortası növü üzrə təqdim etdiyimiz xidmətlərdən də rahatlıqla faydalana və həyatlarını sığortalaya bilərlər. Biz həmçinin fiziki şəxslərə təqdim edilən digər kredit müqavilələri üzrə borcalanların həyatının ölüm halından, eləcə də əmək qabiliyyətinin itirilməsi hallarından sığortası növü üzrə də xidmət göstəririk.

Biz müştərilərimizə daha əlçatan xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə hazırda yeni sığorta məhsulları, investisiya imkanları və onlayn həllər üzərində çalışırıq. Daima yenilənməkdə olan www.megalife.az rəsmi internet səhifəmiz artıq müştərilərin istifadəsindədir və istənilən şəxs veb-səhifəmiz vasitəsi ilə təqdim etdiyimiz sığorta məhsulları barədə ətraflı məlumat əldə etməklə sığortalanmaq üçün onlayn müraciət edə bilər. Hazırda biz müştərilərimiz üçün elektron şəxsi kabinet platformasının üzərində çalışırıq və yaxın zamanlarda bu xidmətimiz də vətəndaşlarımızın istifadəsinə veriləcək.

Həyat sığortası sahəsində tədricən rəqabət artır. Sizin rəqiblərinizdən hansı fərqləriniz olacaq? Bu rəqabətə hazırsınız?

Sağlam rəqabət biznesin inkişafına təkan verən əsas amillərdən biridir. Fikrimcə həyat sığortası üzrə sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin sayının 5-ə çatması Azərbaycanda həyat sığortasının inkişafı baxımından mühüm addımdır. Bu, sığorta bazarında rəqabətin artmasına və birbaşa olaraq sığorta sektorunun da inkişafına gətirib çıxarır. Bizim də yeni həyat sığorta şirkəti olaraq qarşımızda duran əsas məqsəd həyat sığortasının daha da inkişaf etdirilməsi,  vətəndaşların həyat sığortası barədə daha da maarifləndirilməsi və əhalinin keyfiyyətli sığorta xidmətləri ilə təmin olunmasıdır.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır.

Rəqabətə hər zaman hazırıq. Bizim məqsədimiz həyat sığortası üzrə göstərdiyimiz xidmətləri peşəkarlıqla və keyfiyyətlə icra etməklə müştərilərimizin məmnunluğunu təmin etmək, tərəfdaşlarımızın etimadını doğrultmaq və Azərbaycanda sığorta mədəniyyətinin inkişafına töhvə verməkdir. İnanırıq ki, qarşıya qoyduğumuz bütün məqsədlərə çatacağıq.

Sığorta şirkəti olaraq müəyyən təcrübəniz var. Fəaliyyətinizi həyat sığortası üzrə də genişləndirməyiniz hansı zərurətdən doğdu?

Bildiyiniz kimi “Meqa Həyat” Sığorta şirkətinin səhmdarı 100% payla “Meqa Sığorta” şirkətidir. “Meqa Sığorta” artıq 10 ildən artıqdır ki, qeyri-həyat sığorta bazarında fəaliyyət göstərir və bazarın əsas sığorta şirkətlərindən biridir. Həyat sığortası üzrə bazarın analizi, eləcə də statistik göstəricilər bunu deməyə əsas verir ki,  bu sahə sürətlə inkişaf edir və həyat sığortası xidmətlərinin geniş prespektivləri mövcuddur. Həyat sığorta sektorunun yığılan sığorta haqlarına nəzər salsaq görərik ki, 5 il əvvəl həyat sığortası üzrə yığımlar ümumi sığorta bazarının təxminən 30%-ni təşkil edirdisə, 2020-ci ildə həyat sığorta şirkətlərinin ümumi yığımlarda payı 42%-ə yüksəlmişdir. Bu artımın isə əsas səbəbi həm dövlətimiz tərəfindən həyat sığortasının inkişafı baxımından təşviqedici addımların atılması, həmçinin iqtisadiyyatımız inkişaf etdikcə insanların  həyat sığortalarına  olan maraqlarının da artması olmuşdur. Bu baxımdan yeni həyat sığorta şirkətlərinin sığorta bazarına daxil olmaları təbiidir. 

Reklam, təbliğat, maarifləndirmə sahəsində işinizi necə qurmağı planlayırsınız?

Hazırda ölkədə sığorta savadlılığının artırılması istiqamətində Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Asossasiyası və İcbari Sığorta Bürosu tərəfindən geniş miqyaslı maarifləndirmə işləri aparılır və bu işlərin nəticəsi olaraq həm əhalidə sığorta biznesi haqqında məlumatlılıq artır, həm də ümumi olaraq sektor bu təbliğat işlərindən faydalanmış olur.

“Meqa Həyat” Sığorta Şirkəti olaraq biz də öz növbəmizdə istər ümumi sığorta sahəsi üzrə marifləndirmə olsun, istərsə də müəyyən sığorta məhsulları haqqında təbliğat işlərini mütəmadi olaraq həyata keçiririk. İndiki dövrdə reklam aksiyalarımızın əsasən daha effektiv olduğunu düşündüyümüz sosial şəbəkələrdə, müxtəlif saytlarda, həmçinin ənənəvi olaraq radio, televizya və sair üsullarla edilməsini planlaşdırırıq. Gənc nəsildə sığorta bərədə məlumatlılığın artırılması məqsədi ilə müxtəlif universitet tələbələri üçün təlim və seminarların təşkil olunmasını, müxtəlif korporativ tədbirlərdə sığorta məhsulları barədə təqdimatların keçirilməsini, eləcə də mətbuatla daha yaxından işləməyi özümüzə məqsəd qoymuşuq.

Biz həmçinin daxili kadr potensialımızın da daimi inkişafına önəm veririk. Əməkdaşlarımızın təlimi, onların peşəkar kadr kimi inkişaf etməsi şirkətimizin daxili inkişaf strategiyasının vacib bir hissəsidir. Bu məqsədlə biz dünyanın 70-dən çox ölkəsində həyat sığortası üzrə təlim və inkişaf proqramları təklif edən Amerikanın Life Office Management Association (LOMA) təşkilatı ilə əməkdaşlığa başlamışıq. LOMA ilə partnyorluq nəticəsində əməkdaşların həyat sığortası, təkrarsığorta, risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və idarəetmə sahəsində bilik və bacarıqlarının daha da artırılması, “Certificate in Underwriting”, “Associate Reinsurance Administration”, “Fellow Life Management Institute”, “Associate Customer Service” və digər təlim və sertifikasiya proqramlarına cəlb olunması planlaşdırılır.

Bu ilin avqust ayında şirkətimiz Amerika Anderrayterlər İnstitutunun Azərbaycandakı imtahan mərkəzi kimi təsdiq edilmişdir. İnstitut “The Institutes” – Risk & Insurance Knowledge Group brend adı ilə fəaliyyət göstərir və 100 ildən artıqdır ki, sığorta və risklərin idarə edilməsi üzrə təhsil və sertifikasiya proqramları təklif edir.

Həmçinin qeyd etmək istərdim ki, əməkdaşlarımızın dünyanın ən nüfuzlu sığorta institutlarından biri hesab edilən Böyük Britaniya Sığorta İnstitutunda (Chartered Insurance Institute – CII) sığorta təhsili alması, eləcə də CII-ın sertifikat və diplomlarının əldə edilməsi şirkətimizin kadr siyasətinin əsas prioritetlərindən biridir.

Dünyada və ölkəmizdə bu gün də davam edən COVID-19 pandemiyası həyat sığortası bazarına hansı şəkildə təsir etdi?  Həyat sığortası bazarı bu vəziyyətdə əks-təsir reaksiyası göstərə bildimi?

Düşünürəm ki, COVİD 19 pandemiyası bütün sferalarda olduğu kimi sığorta şirkətlərinə də öz mənfi təsirlərini göstərdi. 2020-ci ildə həyatın ölüm halından sığorta sinifi üzrə həyat sığorta şirkətləri  ümümilikdə 5 mln manata yaxın sığorta ödənişi etmişdir və bu ödənişlərin tərkibində digər risklərlə yanaşı pandemiya nəticəsində baş verən hadisələr də mövcuddur. 2018-2019-ci illərdə isə bu göstərici müvafiq olaraq  1 mln 600 min və 1 mln 250 min manat təşkil edirdi.

Pandemiyanın sığorta biznesinə mənfi təsirlərinin azaldılması məqsədi ilə sığorta şirkətləri adekvat addımlar atdı – bir çox şirkətlərdə proseslərin avtomatlaşdırılması ön plana çıxdı, proqram təminatları daha da təkmilləşdi, məsafədən iş praktikası tətbiq olunmağa başladı, bəzi sığorta şirkətlərində yeni sığorta məhsulları yarandı, həmçinin risklərdən daha etibarlı şəkildə qorunmaq üçün təkrarsığorta strategiyaları yenidən nəzərdən keçirildi.

Təkrarsığorta ilə bağlı qeyd etmək istərdim ki, “Meqa Həyat Sığorta” şirkəti həyat sığortası risklərinin təkrarsığortası üzrə Amerikanın “General Reinsurance Corporation” (GenRe) şirkəti ilə əməkdaşlıq edir. Şirkətlərimiz arasında bağlanmış obliqator təkrarsığorta müqaviləsinə əsasən “Meqa Həyat Sığorta” ASC tərəfindən sığortalanmış risklərin bir hissəsi avtomatik olaraq GenRe təkrarsığorta şirkətinə ötürülür.  Obliqator təkrarsığorta müqaviləsi pandemiya kimi kütləvi sığorta ödənişləri tələb edən hadisələr zamanı şirkətimizin maliyyə sabitliyinin qorunmasında və müştərilərimiz qarşısında öhdəliklərimizin tam olaraq yerinə yetirilməsində mühüm rol oynayır.